“2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə gənc şəhidlərimizin ailələri ziyarət olunur.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin bir qrup əməkdaş və könüllüləri “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə 20 yaşlı şəhid Əliyev Mirağa Musa oğlu, 19 yaşlı şəhid Hüseynov Sahil Habil oğlu, 18 yaşlı şəhid Abbasov Akif Elşən oğlu və 22 yaşlı Məmmədov Məhəmməd Abbas oğlunun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı torpaqlarımızın işğaldan azad edilməsində öz canlarından keçən şəhidlərə dövlət səviyyəsində olan diqqətdən söz açıb, ölkəmizin hər yerində olduğu kimi,Ağcabədidə də şəhid ailələrinin problem və qayğılarının ən ümdə məsələ olduğunu vurğulayıb. Qeyd edib ki, ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Buna görə də hər bir şəhidin keçdiyi həyat yolu gənclərimiz üçün canlı bir nümanədir və bu səbəbdən də gənclərimizin şəhid ailələrini ziyarət etməsi, onların döyüş yolu ilə yaxından tanış olmaları gələcək nəsillərdə vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət-və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda GTM Qarabağ ofisi və “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” tərəfindən ailələrə müxtəlif məhsullardan ibarət sovqat da çatdırılıb.