Ağcabədidə 2021-ci ildə əldə olunmuş nəticələrin təhlili və qarşıda duran vəzifələr mövzusunda məşqçi-müəllimlərlə görüş keçirilmişdir.
26 yanvar 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə rayon təhsil şöbəsinin akt zalında rayonda fəaliyyət göstərən ayrı-ayrı idman növləri ilə məşğul olan dərəcəli idmançıların, məşqçi-müəllimlərinin iştirakı ilə 2021-ci ildə əldə olunmuş nəticələrin təhlili və qarşıda duran vəzifələr mövzusunda görüş keçirilmişdir. Görüşdə rayon Gənclər və İdman idarəsinin , Təhsil şöbəsinin , Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının, Azərbaycan Cüdo Federasiyasının, Azərbaycan Boks Federasiyasının, Azərbaycan Taekvondo Federasiyasının, Azərbaycan Kikboksinq Federasiyasının nümayəndələri iştirakı etmişlər.
Görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək qeyd etdi ki, Ağcabədi rayonunda futbol, voleybol, şahmat, cüdo, boks, taekvondo, kikboksinq, karate-do, kyokuşin-kay karate, muay-tay, tayboks, uşusanda, alpaqut, bodibildinq, juboksinq-citsu, vale tudo, MMA idman növləri fəaliyyət göstərir.
2021-ci ildə rayon idmançıları Avropa çempionatı və birinciliyi, Avrasiya çempionatı, respublika və zona yarışlarında ümumilikdə 65 ədəd medal və diploma layiq görülüblər ki, bunların da 31 ədədi 1-ci yer, 15 ədədi 2-ci yer, 19 ədədi 3-cü yerdir. Medalların 3-ü Avropa çempionatı və birinciliyində, 1-i Avrasiya çempionatında, 20-si Azərbaycan çempionatında, 41-i isə ölkə daxili müxtəlif turnirlərdə və zona birinciliklərində qazanılıb. Rayon idmançılarından taekvondo idman növü üzrə Estoniya Respublikasının Tallinn şəhərində keçirilən Avropa birinciliyində Həsənov Çingiz Pərviz oğlu I yerə, Səlimov Vasif Rəşad oğlu II yerə, eyni zamanda Əkbərova Minayə Tapdıq qızı isə Bolqarıstan Respublikasının Sofiya şəhərində keçirilmiş Avropa çempionatında III yerə laiq görülmüşdür. Alpaqut idman növü üzrə Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş Avrasiya çempionatında Puri Elsəvər Elşən oğlu bütün rəqiblərinə qalib gələrək Avrasiya çempionu olmuşdur.
Bütün bunlarla yanaşı Eldəniz Qənbərov çıxışında qeyd etdi ki, əldə olmuş nəticələrlə yanaşı yol verilmiş nöqsanlarımız da az deyildir. Hesab edirəm ki, bu nöqsanların aradan qaldırılması üçün məşqçi –müəllimlər, xüsusən də rayon Təhsil şöbəsinin bu sahə üzrə nümayəndəsi tərəfindən ciddi tədbirlər həyata keçirilməlidir.
Daha sonra rayon təhsil şöbəsinin metodisti Baxşeyiş Məmmədov çıxış edərək vurğuladı ki, əldə olmuş nəticələrlə yanaşı nöqsanlarımızda kifayət qədərdir.
Baxşeyiş Məmmədov çıxışında futbol və voleybol idman növü üzrə yol verilmiş nöqsanlardan geniş bəhs etdi və bu nöqsanların aradan qaldırılması məqsədi ilə rayonda fəaliyyət göstərən futbol və voleybol müəllimlərinin iştirakı ilə ayrıca olaraq toplantı keçiriləcəyini bildirdi.
Tədbirdə çıxış edən məşqçi-müəllimlər görülmüş işlər, yol verilmiş nöqsanlar və bu nöqsanların aradan qaldırılması ilə bağlı fikirlərini bildirdilər.