COVID-19-a yoluxmamaq və ya infeksiyanı ağır keçirməmək üçün “buster” doza tövsiyə edilir
Rayonumuzda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir. İndiyədək rayon sakinləri arasında 165 min 7 nəfər peyvənd olunub. Onların 67 min 857 nəfəri I doza, 62 min 683 nəfəri II doza üzrə vaksinasiya olunublar.
34 min 467 nəfər sakin isə III doza üzrə vaksin olunub.
Koronavirusa qarşı orqanizmdə yaranan anticisimlərin azalması digər xəstəliklərlə müqayisədə daha sürətli baş verir. Belə olan halda, “buster” doza ilə vaksinasiyanın vacibliyi bir daha təsdiq olunur. Qüvvətləndirici doza sayəsində anticisimlər orqanizmdə daha uzun müddət qala bilər. Vaksinasiyanın üçüncü mərhələsi daha çox risk qrupuna daxil olan vətəndaşlar üçün tövsiyə edilir. Yaşı 50-dən yuxarı olanlar, yanaşı xəstəliklərdən əziyyət çəkənlər və gün ərzində kütlə içində müxtəlif qruplardan olan vətəndaşlarla daha çox ünsiyyətdə olanlar risk qrupuna aiddirlər. Həmin kateqoriyalara aid vətəndaşların COVID-19-a yoluxma ehtimalı daha yüksəkdir. Ona görə də risk daşıyanlar mütləq “buster” doza ilə peyvəndlənməlidirlər. Lakin bir sıra iş yerlərində işçilər hər gün eyni insanlarla ünsiyyətdə olurlar. İstənilən halda, vaksinasiya olunan vətəndaşlar da mütləq şəkildə qızıl qaydalara əməl etməlidirlər. Sosial məsafəni qorumaq, tibbi maskadan istifadə etmək olduqca vacibdir. Xüsusilə kütləvi toplaşmalardan uzaq durmalı, ətrafımızı və yaxınlarımızı qorumalıyıq.
“Buster” dozanın miqdarı və tərkibi birinci və ikinci dozalarınkından fərqlənmir: Sadəcə olaraq, orqanizmdə koronavirus əleyhinə yaranmış anticisimlərin artırılması üçün “buster” doza vacibdir. Nəzərə almaq lazımdır ki, iki doza vaksinasiyadan 6 ay keçdikdən sonra orqanizmdəki anticisimlər azalmağa başlayır. Belə olan halda, infeksiyaya yoluxmamaq və yoluxduğu halda xəstəliyi ağır keçirməmək üçün qüvvətləndirici doza ilə peyvəndlənmək tövsiyə edilir”.