Ağcabədinin Sarıcalı kəndində 360 şagird yerlik məktəb binası inşa edilib
Yanvarın 21-də Ağcabədi rayon Sarıcalı kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina istifadəyə verilib. Binanın tikintisi Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 4 iyun 2020-ci il tarixli Sərəncamına əsasən həyata keçirilib.
Məktəb binasının açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.
Qonaqlar öncə Ulu öndər Heydər Əliyevin Ağcabədi rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.
Sonra Sarıcalı kəndinə gələn mərasim iştirakçıları sözügedən məktəbin qarşısında şəhid Müşfiq Uluxanovun büstünü ziyarət edib və təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olublar.
Bildirilib ki, iki mərtəbə və zirzəmidən ibarət yeni məktəb binasında 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə, internetlə, lazımi inventar və avadanlıqlarla təmin olunub. Məktəbin həyətində idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Qeyd edək 2021-2022-ci tədris ilində təhsil müəssisəsində 312 şagird, məktəbəhazırlıq qrupunda isə 19 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 31 nəfər pedaqoji işçi çalışır.