Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə şəhid ailəsi üçün tikilən ev sahiblərinə təqdim edilib

14 yanvar 2022 | 11:00

Ağcabədi Rayonunun Minəxorlu kəndində Vətən müharibəsi şəhidi Atayev Tariyel Fəxrəddin oğlunun ailəsi üçün tikilən ev sahiblərinə təqdim edilib. Ev Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına inşa edilib.

Bu münasibətlə keçirilən mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin İdarə heyətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Qarabağ qaziləri” İctimai Birliyinin, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin nümayəndələri, ictimai xadimlər, kənd sakinləri iştirak edib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər, ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar.

Yeni fərdi yaşayış evi ilə təmin olunan şəhid ailəsinin üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirib, evin tikintisində əməyi olanlara təşəkkür ediblər.

Sonra mərasim iştirakçıları mənzildə yaradılan şəraitlə tanış olub, həyətdə ağac əkiblər. Üçotaqlı ev su, elektrik, qaz və istilik sistemi ilə təmin olunub. Şəhid ailəsinə məişət əşyaları hədiyyə edilib.

Qeyd edək ki, əsgər Tariyel Atayev Vətən müharibəsində Füzuli, Ağdərə, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Keçidlər