Ötən il Ağcabədidə arıçılara 58 min 840 manat subsidiya ödənilib
10 yanvar 2022 | 11:00
Ağcabədi rayonunda 283 təsərrüfatçı arıçılıqla məşğul olur. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 5884 arı ailəsi var. Dövlətin bu sahəyə göstərdiyi qayğı, eləcə də hər arı pətəyinə görə subsidiya ayrılması arıçılığa marağı artırıb.
Bu barədə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Qurumdan bildirilib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ötən il Ağcabədi rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 58 min 840 manat subsidiya ödənilib.