ELAN - Ağcabədi rayonunda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə müsabiqənin TEST İMTAHANI mərhələsi keçiriləcək
Tərbiyəçilərin işə qəbulu üzrə müsabiqənin TEST İMTAHANI Ağcabədi şəhəri M.Aranlı adına 11 nömrəli tam orta məktəbin binasında (ünvan: Ağcabədi şəhəri Heydər Əliyev prospekti 215) 19 dekbar 2021-ci il tarixdə saat 10:00-da başlayacaq.
Namizədlər imtahanda iştirak etmək üçün aşağıdakılara əməl etməlidir:
1. İmtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda (saat 08:30-dan gec olmayaraq) imtahan binasının qarşısına gəlməli, özü ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və aşağıdakı sənədləri gətirməlidir:
- "İmtahana buraxılış vərəqəsi"ni;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
2. Göstərilən sənədləri imtahan binasının giriş qapısında buraxılış rejimini həyata keçirən əməkdaşlara təqdim edib yoxlamadan keçdikdən sonra namizəd imtahana buraxılış vərəqəsində göstərilmiş müvafiq kodlu zala getməlidir.
İmtahan xüsusi karantin rejimi qaydalarına əməl edilməklə keçiriləcək. Girişdə namizədlərin bədən temperaturu hərarət ölçən cihazlarla yoxlanacaq, binaya daxil olarkən və imtahan zalında qoruyucu tibbi maskalardan istifadə etmələri tələb ediləcək.
Müsabiqə şərtlərinə uyğun qeydiyyatdan uğurla keçmiş namizədlərə “İMTAHANA BURAXILIŞ VƏRƏQƏSİ” elektron qeydiyyat zamanı təqdim etdikləri əlaqə nömrələrinə WhatsApp tətbiqi və ya SMS vasitəsilə göndərilmişdir.
Namizədlər eyni zamanda, “İMTAHANA BURAXILIŞ VƏRƏQƏSİ”ni aşağıdakı linkə daxil olaraq siyahıdan öz soyad, ad və ata adlarını taparaq göstərilən qaydada çap edə bilərlər.
“İMTAHANA BURAXILIŞ VƏRƏQƏSİ”ni çap etmək üçün link: https://bit.ly/tiq-buraxilis
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində namizədlərə ümumilikdə 60 sual ünvanlanacaq. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək və 1 sual 1 balla qiymətləndiriləcək. Müsabiqənin növbəti mərhələsinə keçid üçün namizədlər minumum 15 bal toplamalıdır.
Elektron qeydiyyat prosesi 15 noyabr 2021-ci il tarixdə başlanmış və 01 dekabr 2021-ci il tarixdə yekunlaşmışdır. Bu mərhələdə 266 nəfər elektron qeydiyyatdan keçmiş, onlardan 238 nəfəri müsabiqə şərtlərinə uyğun olduğu üçün TEST İMTAHANI mərhələsinə buraxılmışdır. 5 nəfər sənədlərini tam təqdim etmədiyi, 20 nəfərin müsabiqə şərtlərində göstərilən ixtisaslara dair, 3 nəfərin isə ümumiyyətlə orta ixtisas və ya ali təhsil haqqında sənədi olmadığı üçün ümumilikdə 28 nəfər növbəti mərhələyə buraxılmamışdır.
Müsabiqənin test imtahanı mərhələsi başa çatıb nəticələr elan olunduqdan sonra müsabiqənin sonuncu, yəni vakant yerlərin seçimi mərhələsinə start veriləcəkdir.