Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günü qeyd olunub

15 dekabr 2021 | 11:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, şəhadətəucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət etmək artıq ənənə halını alıb. Onlar bizim həm nisgil, həm də qürur yerimizdir. Döyüş meydanında şücaət göstərərək, şəhid olan igidlərimizdən biri də Rüstəmov Murad Əsəd oğludur.

14 dekabr 2021-ci il tarixdə anadan olduğu Şərəfxanlı kəndində şəhidin doğum günü qeyd olunub. Mərasimdə rayon icra hakimiyyəti aparatının nümayəndələri, SHXDÇX Ağcabədi rayon şöbəsinin əməkdaşları, kənd sakinləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, şəhidin yaxınları və media mənsubları iştirak ediblər.

Mərasim iştirakçıları tərəfindən əvvəlcə M. Əsədovun kənd qəbiristanlığındakı məzarı  ziyarət olunub, üzərinə tər çiçək dəstələri düzülüb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qəhrəmanın doğulduğu evdə çay süfrəsi ətrafında toplaşan ziyarətçilər onun keçdiyi qısa, lakin şərəfli ömür yolundan danışıb, xatirələrini bölüşüblər.

Qeyd edək ki, Murad Əsədov Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 2020-ci il oktyabrın 9-da Cəbrayıl istiqamətində gedən döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər