“Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi” Forumu uğurla yekunlaşıb.
BMT Baş Məclisi tərəfindən qəbul edilən 3 dekabr "Əlilliyi olan insanların Beynəlxalq günü"nün məqsədi əlilliyi olan bütün insanların hüquqlarını qorumaq, cəmiyyəti onların problemlərinin həllinə cəlb etməkdir.
Bu məqsədlə 2 dekabr 2021-ci il tarixlərində Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin təşəbbüsü Ağcabədi rayon İcra Hakimiyyəti və Ağcabədi regional „Asan xidmət” Mərkəzinin əməkdaşlığı ilə “Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi” Forumu keçirilmişdir.
İki hissədən ibarət olan Forumun rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Cənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı açaraq dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışıb. O, bildirib ki, əlilliyi olan şəxslərə xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir.
Tədbirin davamında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman aparatının) əlilliyi olan şəxslərin müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva, Ağcabədi regional „Asan xidmət” Mərkəzinin direktoru Şamxal Həsənov, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin əməkdaşı Əmirxan Səfərov, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial sifarişlər və layihələr departamentinin müdiri Elmir Valehli, Ağcabədi rayon İHB aparatının Vətən müharibəsi iştirakçılarının və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov çıxış edərək, qonaqları salamladıqdan sonra Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları, reabilitasiya xidmətləri haqqında danışıblar.
Forum çərçivəsində 30 noyabr -2 dekabr 2021-ci il tarixlərində keçirilən panel müzakirələr zamanı Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimovun moderatorluğu ilə “Azərbaycanda İnklüziv təhsilin vəziyyəti”, ADPU Ağcabədi filialının müəllimi Anar Kərimlinin moderatoruluğu ilə “Əlilliyi olan şəxslərin təhsil imkanları”, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızının moderatorluğu ilə “Əlilliyi olan uşaqların xidmətlərə çıxışının təmin edilməsi istiqamətində mövcud problemlər və gələcək perspektivlər, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi və inklüziv təhsil üzrə baş mütəxəssisi, Pedaqogika üzrə fəlsəfə doktoru Lalə İmanovanın təqdimatında “İnkişaf geriliyi və əlilliyi olan uşaqlarda korreksiya işinin təşkili” və Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçisi Nevroloq, reabilitoloq Mərziyyə Məmmədovanın təqdimatında “Əlilliyi olan uşaqların reabilitasiya tədbirlərinin təşkili” mövzularında müzakirələr aparılmışdır.
Forumun yekununda “İnklüziv cəmiyyət Naminə” şüarı ilə əlilliyi olan şəxslərin, İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin, 2 və 8 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında maraqlı konsert proqramı nümayiş etdirilmişdir.