YAP Ağcabədi rayon təşkilatında “Qadınlar və gənclərin bələdiyyələrdə fəallığı” mövzusunda müşavirə keçirilmişdir.
1 oktyabr 2014-cü il tarixdə YAP Ağcabədi rayon təşkilatının binasında YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası, Gənclər Birliyi, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin təşkilatçılığı ilə “Qadınlar və Gənclərin bələdiyyə seçkilərində fəallığı” mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva məruzə edərək son dövrlər rayonda qadınların ictimai işlərdə fəallığından danışdı, eləcə də bələdiyyə seçkilərinə hazırlıq və bu seçkilərdə qadınların istər aktiv, istər passiv seçki hüququnun reallaşdırılması işində yaxından iştirak etməyə səslədi. Natiq onu da vurğuladı ki, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası növbəti bələdiyyə seçkilərində qadınların və gənclərin təmsilçiliyinə xüsusi önəm verəcəkdir. Bələdiyyə üzvlüyünə namizədlər irəli sürülərkən ən fəal, əhali arasında nüfuzu olan, intellektual cəhətdən inkişaf etmiş qadınlar və gənclərə üstünlük veriləcəkdir.
Məruzədən sonra Gənclər üçün Təhsil Mərkəzi tərəfindən hazırlanmış “Bələdiyyələr”, “18 yaşına çatmış vətəndaşların aktiv seçki hüququ”, “Seçkilərdə iştirak qaydaları” mövzusunda hazırlanmış video çarxlar nümayiş edildi.
YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Nicat Axundov, YAP Qadınlar Şurasının üzvü , Gənclər üçün Təhsil Mərkəzinin ofis rəhbəri Radə Telmanqızı, Ağcabədi bələdiyyəsinin üzvü , iqtisadi inkişaf komissiyasının sədri Füzuli Yusifov, Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qadınlar Şurasının üzvü Leyla Əsgərova çıxış edərək bələdiyyələr və onların fəaliyyəti barədə ətraflı məlumat verdilər, qadınların və gənclərin bələdiyyə seçkilərində fəal iştirak etmələri üçün lazımi tövsiyyələr etdilər.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov çıxış edərək dedi ki, növbəti bələdiyyə seçkilərində qələbə qazanmaq üçün rayon təşkilatı bütün təşkilati və hazırlıq işləri ilə ciddi məşğuldur. Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq mövcud qanunvericilik əsasında seçkilərə start verildikdən sonra bütün prosedur qaydalarına əməl ediləcəkdir. Artıq seçki qərargahı yaradılmış, müşahidəçi və mərvərətçilər, imza toplayan YAP fəalları və təşviqat qrupunun üzvləri müəyyən edilmişdir.
Biz siyasi partiya olaraq YAP-dan bələdiyyə üzvlüyünə namizəd irəli sürərkən qadınlara və gənclərə daha çox üstünlük verməyi planlaşdırmışıq. Əminəm ki, görülən işlər onu deməyə əsas verir ki, növbəti bələdiyyə seçkilərində də öz sözümüzü deyə biləcəyik.
Sonra müşavirədə iştirak edən gənclər və qadınlar açıq diskusiya şəklində öz fikirlərini bildirdilər. Onları maraqlandıran suallar cavablandırıldı.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri: N.Bünyatov