Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib
Ağcabədidə Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri təşkil edilib. Heydər Əliyev Meydanında keçirilən tədbirdə rayon icra hakimiyyətinin,hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatlarının kollektivləri,rayon ictimaiyyəti, şəhid ailələri iştirak edib.
Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə tər çiçəklər düzüldü.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirdi ki, Vətən Müharibəsinin böyük qələbə ilə sona çatması tariximizın ən parlaq səhifəsidir. Otuz ilə yaxın davam edən Qarabağ müharibəsi cəmi 44 gün ərzində Ordumuzun zəfəri ilə başa çatdı . Bu qələbənin kökündə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, dövlət-ordu-xalq birliyi dayanırdı…
Sonra Azərbaycan Silahlı Qüvvələrinin General-mayoru,Vətən Müharibəsi qəhrəmanı,Zəfər paradının iştirakçısı, həmyerlimiz Zaur Məmmədovun ünvanladığı təbrik videoçarxı izlənildi.
Digər çıxış və təbriklərdən sonra , tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin kollektivinin təqdimatında konsert proqramı ilə davam etdirildi.
Tədbir başa çatdıqdan sonra Heydər Əliyev Meydanından Ağcabədi Qəhrəmanlar Parkına yürüş təşkil edildi. Parkda yürüşdə aparılan, Ağcabədidən olan 42 şəhidin portretlərindən ibarət sərgi təşkil edildi və portretlərin önünə tər çiçəklər düzüldü.Qəhrəmanlar Parkında ağacəkmə aksiyası keçirildi və 44 ədəd ağac əkildi.
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə rayonun Şənlik kəndində yeni inşa edilən, 40 yerlik körpələr evi-uşaq başçasının açılış mərasimi keçirildi.