Ağcabədidə düşmənin artilleriya atəşi nəticəsində dəymiş ziyan aradan qaldırılır
2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağcabədi rayonunda 8 ev və 2 qeyri-yaşayış obyekti dağılıb, 500-dən çox tikiliyə ziyan dəyib.
Dövlət başçısının tapşırığına əsasən qısa zaman ərzində görülmüş işlər nəticəsində 513 tikilinin təmir-bərpası, 8 ev və 1 sahibkarlıq obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 1 qeyri-yaşayış obyektinin inşası və 5 tikilinin təmir-bərpa işləri davam edir. Ən qısa zamanda Ağcabədi rayonunda işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.
Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində evi dağılmış Hindarx qəsəbə sakini Emin Abduləliyev deyib: “Vətən müharibəsi zamanı düşmənin artilleriya atəşi nəticəsində bizim evimiz tamamilə dağılmışdı. Evdəki əşyalarımız da məhv olmuşdu. Dövlətimizdən çox razıyıq. Ailəmiz üçün əvvəlkindən də yaraşıqlı, hər cür şəraiti olan beşotaqlı yeni ev tikilib. Bundan başqa, evdəki məişət əşyalarına dəymiş ziyanla bağlı altı min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat vəsait ödənilib. Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Qaraxanlı kənd sakini Elvin Quliyev isə deyib: “Vətən müharibəsi zamanı bizim kəndimiz də düşmənin artilleriya atəşinə məruz qalırdı. Həmin dövrdə bizim evimizin qarşısına top mərmisi düşmüşdü. Nəticədə evimizin damı, üç otaq, qapı və pəncərələr, döşəmə və tavanı yararsız vəziyyətdə qalmışdı. Müharibədən sonra komissiya evimizə baxış keçirdi və əsaslı təmir-bərpa işləri aparıldı. Görülən işlərdən çox razıyam”.
Vətən müharibəsi dövründə düşmənin artilleriya atəşi nəticəsində Mütəllim Əliyevə məxsus mağaza da tamamilə dağılmışdı. Artıq dövlətimizin qayğısı ilə bu mağaza da yenidən tikilərək sahibinə təhvil verilib. Tikinti işlərinin yüksək keyfiyyətlə aparıldığını deyən M.Əliyev göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Ziyan dəymiş tikililərin tikintisi və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Artıq onlardan 12 mindən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri yekunlaşdırılıb.