27 Sentyabr – Anım Günü münasibətilə Ağcabədidə tədbir keçirilib
27 Sentyabr – Anım Günü münasibətilə Ağcabədi Regional “ASAN xidmət” mərkəzi, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi, Ağcabədi Peşə Məktəbi və Ağcabədi rayon Dövlət Rəsm Qalereyasının əməkdaşlığı ilə tədbir keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və müxtəlif qurumların əməkdaşları iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Vətən mövzusunu, qəhrəmanlıq salnaməsini və şəhidlərin əziz xatirəsini əks etdirən rəsm sərgisinə baxış keçiriblər.
Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca 27 Sentyabr – Anım Gününün mahiyyətini və Vətən müharibəsinin tarixi məqamlarını əks etdirən film nümayiş olunub.
Tədbirin davamında çıxışlar dinlənilib. Ağcabədi Regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli, şəhid Camal İbrahimovun bacısı Nüşabə İbrahimova və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı Rüstəm Xudiyev çıxış ediblər.
Çıxışlarda 27 Sentyabr – Anım Gününün əhəmiyyəti, Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq, eləcə də şəhidlərimizin əziz xatirəsinin yaşadılması barədə fikirlər səsləndirilib.
Tədbirdə şəhidlərimizin keçdiyi şərəfli yolun, göstərdikləri qəhrəmanlığın və Vətən sevgisinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, onların əziz xatirəsinə dərin ehtiram ifadə olunub.






