Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirilib

27 sentyabr 2022 | 18:34

Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından artıq 2 il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli  Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

   Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də Anım Günü münasibəti ilə  ümumrayon tədbiri keçirilib.

    Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,  YAP Ağcabədi rayon təşkilatının,  hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi ilə birgə  öncə Muğanlı kəndində Qəhrəmanlar Parkını və  Hindarx qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra şəhər ərazisində davam etdirilən tədbirdə  Ağcabədi Bayraq Meydanından  Qəhrəmanlar Parkına qədər yürüş keçirilib. Yürüşdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əllərində üçrəngli  bayrağımız  və şəhidlərimizin şəkilləri olan plakatlar daşıyaraq “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır”,  “Hər şey vətən üçün” və digər şüarlar səsləndiriblər. Qəhrəmanlar parkında torpaqlarımızın azadlığı uğrunda canından keçmiş oğullarımızın məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

 Tədbirin növbəti hissəsi  şəhidlərimizin xatirəsinə ucaqldılmış abidə kompleksinin qarşısında keçirilib.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən  sonra Ağcabədi şəhər “Cümə” məscidinin imamı şəhidlərimizin ruhuna dualar oxuyub. 

 Anım tədbirində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov 2020-ci il  sentyabrın 27- də başlanmış və Zəfərimizlə başa  çatmış Vətən müharibəsi  zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib, onların ailələrinin, o cümlədən  qazilərimizin daim diqqətdə saxlanıldığını, dövlətimiz tərəfindən bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.

 Sonra şəhid ailələrinin üzvləri Aqil Talıbov, Aynur Kərimova, Qumru Süleymanova çıxış ediblər. Məktəblilərin və şəhid övladlarının ifasında şeirlər səsləndirilib.

Sonda Qəhrəmanlar Parkında ağacəkmə aksiyası keçirilib,  rəmzi olaraq 43 ədəd ağac əkilib.

  Saat 12-00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Keçidlər