Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun Sarıcalı kəndində inşa edilən məktəb binasında son tamamlama işləri görülür

26 oktyabr 2021 | 11:00

Ağcabədi rayonu Sarıcalı kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik yeni məktəb binasında son tamamlama işləri aparılır. Binanın tikintisi Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 4 iyun tarixli Sərəncamına əsasən həyata keçirilir. Iki mərtəbə və zirzəmidən ibarət yeni məktəb binasının tikinti sahəsi 2712 kvadratmetrdir. Məktəbdə 16 sinif otağı, kimya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.

Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, abadlıq işləri aparılıb, yaşıllıq salınıb.

Sarıcalı kənd tam orta məktəbi üçün yeni binanın tikintisi müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Məktəbin direktoru Sevinc Məmmədova bildirib ki, 1937-ci ildə inşa edilmiş binada tədris üçün şərait yaxşı deyildi. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Çətinliklərə, şəraitsiz binada fəaliyyət göstərməsinə baxmayaraq, məktəbin uğurları çox olub.

“Sarıcalı məktəbi rayonun ən nümunəvi təhsil ocaqlarındandır. Şagirdlərimizin təhsilə, oxumağa həvəsləri böyükdür. Artıq köhnə məktəb binası yeni bina ilə əvəz olunub. Məktəb üçün yeni binanın tikilməsi məsuliyyətimizi daha da artırır. Yeni məktəbdə daha həvəslə işləyəcək, bizə göstərilən etimadı layiqincə doğrultmağa çalışacağıq", - deyə S.Məmmədova bildirib.

Keçidlər