Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi, Zərdab və Füzuli rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi

21 oktyabr 2021 | 11:00

20.10.2021-ci il tarixdə Ağcabədi, Zərdab və Füzuli rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə və 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı azad edərkən həlak olan şəhidlərimizə həsr olunmuş “Hər bir şəhid xalqın qəhrəmanıdır” mövzusunda onlayn tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Onlayn tədbirdə Zərdab, Füzuli və Ağcabədi Heydər Əliyev Mərkəzlərinin kollektivi, Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər. Onlayn tədbiri giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında geniş məlumat verib. Şanlı qələbənin qazanılmasında hərbiçilərimizn əvəzsiz rolu olduğunu xüsusi vurğulayan Könül xanım Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğunu qeyd edib. Daha sonra Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova Mərkəzdə nümayiş olunan “Vətən naminə Şəhidlik zirvəsinə ucalanlar” başlıqlı sərgini virtual olaraq onlayn tədbir iştirakçılarına təqdim edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova həmin qələbədə payı olan vətənpərvər, qəhrəman oğullarımızla bu gün hər birimiz fəxr edirik-deyə qeyd edib. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın doğma el-obasının deyil, bütöv Azərbaycanın oğulları olduğunu, onlarla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb. Adlarını şanlı tariximizə yazan, xalqımıza zəfər sevinci yaşadan şəhid və qazilərimizin ömür yolu gənclərə nümunədir. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, qalib Azərbaycan xalqının qələbədə rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən,Ağcabədi şəhidlərindən ətraflı məlumat verib. Füzuli Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı, Şəhid Amil Rasim oğlu Hüseynovun həyat yoldaşı Xalisə Məmmədova çıxış edərək Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız günlərdə belə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqəti çəkərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə bu zəfəri yaşatmış Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini xüsusi vurğulayıb. Gənclər arasında qəhrəman Şəhidlərimizin tanıdılması məqsədilə təşkil olunmuş onlayn tədbirdə Xalisə xanım Füzuli rayonunun Əhmədalılar kəndindən olan şəhid Amil Hüseynov haqqında ətraflı məlumat verərək, Amilin Xocavənd, Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşdüyünü, Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində döyüşərkən Şəhidlik məqamına ucaldığını qeyd

edib. Vətən müharibəsindəki zəfər salnaməsinin yazılmasında əvəzsiz qəhrəmanlıq göstərən Şəhid Amil Hüseynov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Füzuli Heydər Əliyev Mərkəzinin əməkdaşı İlahə Cəfərova çıxış edərək müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə qazanılmış zəfər salnaməmizdən bəhs edib. Zərdab rayon sakini, Şəhid Anar Məmmədzadənin ailə üzvü, gənc ziyalı Vəfa Xəlilli isə çıxışında dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara dövlət tərəfindən diqqət göstərildiyini vurğulayıb. Zərdab rayonunun Şəhidlər Xiyabanında dəfn olunan Anar Məmmədzadə ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Onlayn tədbirdə qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.

Keçidlər