Təhsil işçiləri öz peşə bayramlarını qeyd ediblər
5 oktyabr Müəllimlər Günü münasibəti ilə rayon təhsil işçilərinin onlayn formatda yığıncağı keçirilib. Tədbirdən öncə təhsil işçiləri, məktəbəqədər tərbiyə müəssisələrinin əməkdaşları, şəhər, qəsəbə və kənd ümumtəhsil məktəblərinin müəllimləri rayon icra hakimiyyəti qarşısında ucalan ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçək dəstələri düzüblər. Daha sonra tədbir öz işinə davam edib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yığıncağı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, onları Müəllimlər Günü münasibəti ilə təbrik edib, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Rayon rəhbəri təhsilə dövlət qayğısından söz açaraq, bölgədə geniş məktəb tikintisindən, təmir işlərindən, təhsil müəssisələrində təlim-tərbiyə sahəsində əldə olunan nailiyyətlərdən, şagirdlərin ali məktəblərə qəbul imtahanları zamanı qazandığı uğurlardan ətraflı danışıb. Qeyd olunub ki, pandemiya şəraitinin çətinliklərinə baxmayaraq rayon ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələrin kollektivləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacarıblar. Vətən müharibəsi zamanı həlak olan şəhidlərimiz və sağlamlığını itirən qazilərimiz məhz belə məktəb kollektivlərinin yetirmələridir. Onlar gənc nəslə əsl vətənpərvərlik ruhu aşılayıblar. Rayon icra hakimiyyətinin başçısı buna görə rayonun bütün pedaqoji kollektivlərinə səmimi təşəkkürünü və minnətdarlığını bildirib.
Videotədbirdə söz təhsil işçilərinə verilib. Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov, Qaravəlli kənd tam orta məktəbin əməkdar müəllimi Əli Sadıqov, ADPU Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov, M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyin gənc müəllimi Ramilə Məmmədli, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, şəhər 9 saylı tam orta məktəbinin direktoru Rizvan Quliyev çıxış edərək rayonumuzda təhsilə göstərilən diqqət və qayğının böyük ruh yüksəkliyi yaratdığını vurğuılayıb, təhsildə, təlim-tərbiyə sahəsində hər cür şərait yaradıldığını qeyd ediblər. Məhz buna görə məktəblərin şagirdləri hər il yüksək uğurlara imza atırlar. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, həmkarlarını Müəllimlər Günü münasibəti ilə təbrik ediblər. Tədbirin sonunda rayonun bir qrup qabaqcıl müəllimi Ağcabədi Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin Fəxri Fərmanları ilə təltif olunublar.