Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədinin pambıq sahələrindən bu günədək 3835,7 ton məhsul yığılıb

01 oktyabr 2021 | 11:00

Bu il rayonda 11 min hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 4760 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1920 hektarı “P-Agro” MMC, 4330 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.

Bu gün Ağcabədidə bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 53 ədəd kombayn, 128 ədəd traktor, 276 ədəd qoşqu, 5 ədəd yükləyici, 39 ədəd çiləyici cəlb olunub. Hər gün tarlalardan 90 tondan çox məhsul yığılır. Ağcabədili “ağ qızıl” ustaları 2021-ci təsərrüfat ilini də uğurla başa vurmağı, 38 min tondan çox pambıq istehsal etməyi hədəfləyiblər.

Qeyd edək ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Ötən il Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq becərilib, 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.

Keçidlər