Pambıq yığımı sürətlənir
Respublikanın pambıqçılıq rayonlarında məhsul yığımı geniş vüsət alıb. Ölkənin iri pambıqçılıq bazalarından sayılan rayonumuzda da bu istiqamətdə uğurlu addımlar atılır. Cari təsərrüfat ilində 11 min hektar sahədə pambıq əkini aparan fermerlərimiz yetişdirilmiş bol məhsulu vaxtında yığılıb, dövlətə təhvil verilməsi üçün bütün imkanları səfərbər ediblər.
Yığım dövründə maşınlara geniş meydan verilməsi bu qiymətli el sərvətinin qısa müddət ərzində tədarük olunmasına geniş zəmin yaradıb. Hazırda bölgədə fəaliyyət göstərən fermer təsərrüfatlarında pambıq yığımı sürətlənib. Sentyabrın 23-də sahələrdən 260,455 ton məhsul yığılıb. İndiyədək rayon üzrə 1480 tona yaxın “ağ qızıl” toplanaraq qəbul məntəqələrinə təhvil verilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur. Rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri fermer təsərrüfatlarında məhsulun vaxtında, itkisiz yığılaraq, daşınması üçün kombayn, traktor, lafet və digər texniki vasitələrlə təminatı daim diqqət mərkəzində saxlayır. Fermerlərin və mütəxəssislərin qənaətinə görə, bu sahədə hər hansı bir problem yaranmayıb. İndi əsas vəzifə havaların əlverişli keçməsindən səmərəli istifadə edib, yığımı mütəşəkkil təşkil etmək və optimal müddət ərzində başa çatdırmaqdan ibarətdir.
Yığımın daha səmərəli təşkili nəticəsində Yeni Qaradolaq, Mehrablı, Qaradolaq, Kəhrizli, Qaraxanlı, Hüsülü, Avşar kəndlərində və şəhər mərkəzində fəaliyyət göstərən fermer təsərrüfatlarında artıq ilk uğurlara imza atılıb.
Rayonda pambıq yığımı davam edir.