Şəhid ailələri ilə görüş
Ötən il sentyabr ayının 27-də başlanan və cəmi 44 gün çəkən Vətən müharibəsində xalqımızın imza atdığı Qələbənin əks-sədası bütün dünyaya yayıldı. Xalqımız bir anda ordu ilə birləşərək ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı İlham Əliyevin başçılığı altında düşməni lərzəyə salan, bizi bütöv bir xalq kimi dünya arenasında tanıdan, dünya hərb sənətində analoqu olmayan döyüş strategiyası seçərək əzəli düşmənimizə qalib gəldik. Xalqımızın, ordumuzun apardığımız haqq, ədalət mücadiləsində nələrə qadir olduğumuz dünya ictimaiyyətinə bəyan oldu. Biz bir daha sübut etdik ki, qürurlu, vətənpərvər və rəhmli bir xalqıq.
Vətən müharibəsində qurbanlarımız da oldu. Əlbəttə, müharibə, savaş qurbansız olmur. Ancaq bizim oğullar adalətli, haqq mübarizəsində həlak oldular. Vətənə olan məhəbbət və sədaqətlərini bir daha sübut edərək, şəhid oldular. Torpaq yolunda, Vətən uğrunda…
22-23 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon İcra Hakikiyyətinin başçısı Rafil Hüseynov Salmanbəyli kəndində şəhid Samir Mikayıllı, Kəbirli kəndində Təhmasib Qarayev, Aran kəndində Etibar Nəcəfov, Yeni Qaradolaq kəndində Hafiz Həziyev, Ağcabədi şəhərində Anar Cəfərov, Mirəli Hüseynov, Xəyal Həziyev, Məhəmməd Məmmədov, Həsən Süleymanov, Cəmaləddin Məmmədovun ailələrində olub, ailə üzvləri və yaxınları ilə görüşüb, onların ailə vəziyyətləri, eləcə də problem və qayğıları ilə yaxından maraqlanıb.
İcra başçısı müqəddəs torpaqlarımızın düşmən tapdağında azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğundan və ailələrində mövcud olan problemlərin dərhal aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, şəhid ailələrinə göstərilən qayğı və problemlərin həlli qarşıda duran ən vacib vəzifələrdən biridir.
Şəhid ailələrinin üzvləri görüş zamanı onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz təşəkkür və minnətdarlıqlarını bildirərək, bunun onlar üçün təsəlli rolunu oynadığını qeyd etmişlər.