Ağcabədi “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” insanların həyatında müsbət təsirlər yaradır.
Gənclər üçün Təhsil Mərkəzi (GTM) İB-nin Ağcabədi rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həftədə 2-3 dəfə olmaqla mərkəzdə təşkil edilən fərdi və qrup məşğələlər, sosial-pedaqoji, sosial-psixoloji reabilitasiya, eləcə də onların valideynlərinə zəruri məsləhət və dəstək xidmətləri göstərilir.
Rayonda bu xidmətlərə böyük ehtiyac var, çünki əksər valideynlər özəl mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödəniş etmək imkanında deyildir.
2013-cü ildə GTM Qarabağ ofisi nəzdində yaradılmış “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” 2018-ci ildən başlayaraq Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF Azərbayan ofisi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıqda həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərir. Layihə çərçivəsində əlavə olaraq 2 mərkəz yaradılmışdır. “İnkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün inklüziv strategiya əsaslı sosial xidmətlər mərkəzi” və “ Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial xidmətlər mərkəzi”. Hər 2 mərkəzdə 2 uşaq inkişafı mütəxəssisi, 2 pedaqoq, ,1 hüquqşünas, 3 sosial işçi, 1 psixoloq çalışır.
Yerli dövlət qurumlardan, icmalardan, ailələrdən, mobil səfərlərdən alınan göndərişlər vasitəsilə mərkəzdə ümumilikdə 504 keys üzərində iş aparılmış, 220 əlilliyi olan uşaq reabilitasiya proqramına cəlb edilmişdir. Hazırda, COVİD-19 pandemiyası ilə əlaqədar bütün xidmətlər elektronlaşdırlıb, reabilitasiya proqramları pandemiya qaydalarına uyğun davam etdirilir.
Mərkəz tərəfindən mütəmadi olaraq həftə sonlarında uşaqların sosiallaşması,cəmiyyətə adaptasiyası,əməkdaşlıq, dost seçmə, qrupda çalışmaq kimi müxtəlif bacarıqların formalaşması məqsədilə ekskursiyalar, qrup terapiyalar təşkil edilir.
Bu dəfə Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qarabağ Atçılıq Kompleksində İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ippoterapiya həyata keçirilmişdir.
İppoterapiya at üzərində müxtəlif hərəkətlər vasitəsilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Məqsədimiz uşaqların arzularını həyata keçirmək və onları sevindirmək, bu kateqoriyadan olan şəxslərin bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedoqoji reabilitasiyasına, onların ailələrinə dəstək göstərməkdir.
Tədbirin sonunda layihə iştirakçıları üçün GTM Qarabağ ofisi və GÜVƏN Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən nahar süfrəsi təşkil edilmişdir.