Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda defoliyasiya tədbirləri genişləndirilib

14 sentyabr 2021 | 11:00

Görülmüş yüksək aqrotexniki tədbirlər sayəsində rayonun fermer təsərrüfatlarında bu il bol pambıq yetişdirilib. Böyük zəhmət hesabına əldə olunmuş məhsulun yığılması üçün maşınlara geniş meydan verilməsi səbəbindən tarlalarda pambıq kollarının yarpaqlarının tökülməsinə ehtiyac yaranıb. Bununla əlaqədar olaraq, artıq avqustun 31-dən defoliyasiya tədbirləri həyata keçirilir. Son günlər bu istiqamətdə tədbirlər daha da genişləndirilib.

“Azərpambıq” MMC və MKT-İK MMC Ağcabədi filiallarının xidmət etdikləri fermer təsərrüfatlarında da keyfiyyətli defoliyasiya işləri aparılır. Hər iki emal müəssisəsi tərəfindən bu məqsədlə OVX və çiləyici texniki vasitələr ayrılıb.

Sözügedən pambıqçılıq təsərrüfatlarında “Azərpambıq” MMC filialı tərəfindən “Trop-Ultura”, MKT-İK MMC filialı tərəfindən isə “Baystar” pestisidləri tətbiq olunur. Defoliyasiya tədbirləri “Azərpambıq” MMC filialının əhatə etdiyi təsərrüfatlarda avqustun 31-dən, MKT-İK MMC filialının əhatə etdiyi təsərrüfatlarda sentyabrın 5-dən start götürüb.

“Azərpambıq” MMC filialının xidmət etdiyi 843 nəfər fermer təsərrüfatına məxsus 4 min 330 hektar pambıq sahəsinin 200 hektarında, MKT-İK MMC filialının xidmət etdiyi 744 nəfər fermer təsərrüfatına məxsus 4 min 150 hektar pambıq sahəsinin 150 hektarında defoliyasiya işləri aparılıb.

Mütəxəssislərin dediklərinə görə, havaların çox isti keçməsi ilə əlaqədar defoliyasiya tədbirlərinə cari mövsümdə ötən il ilə müqayisədə 10 gün tez başlanlılıb. Fermer təsərrüfatlarında pambıq yığımı 15-16 sentyabrda nəzərdə tutulub.

Keçidlər