Ağcabədidə məktəblilərə “Mina təhlükəsinə dair maariflənmə” tədris olunacaq
Azərbaycanda 20-dən çox rayonun bütün ümumi təhsil müəssisələrində şagirdlərə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq.
Bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqi haqqında təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd edilib.
Əmrə əsasən, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumi təhsil müəssisələrinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin VI (altıncı) siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq.