Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə uşaqların sağlam inkişafı ilə bağlı maarifləndirici tədbir keçirilib

17 avqust 2021 | 11:00

Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF Azərbaycan, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta TƏBİB-in tərəfdaşlığı ilə 2021-ci il yanvarın 1-dən Ağcabədi rayonunda “Ağcabədidə erkən uşaqlıq dövrünün inkişafı üçün ev ziyarəti proqramının təşkili” pilot layihəsi həyata keçirilir.

UNICEF-in “Azərbaycanda həssas vəziyyətdə olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiyalı sosial yardımın inkişafı” proqramı çərçivəsində keçirilən layihə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi tərəfindən icra edilir.

İctimai Birlikdən  bildirilib ki, layihənin məqsədi uşağın ailədə xoşbəxt böyüməsini təmin etmək üçün patronaj xidmətlərin (ev ziyarəti xidmətlərinin) təkmilləşdirilməsidir. Layihə çərçivəsində Ağcabədi rayonunda ÜST və UNICEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə təlimləndirilmiş tibb bacıları - ev ziyarətçiləri hamilə qadınlar və 0-3 yaşlı uşaqların ailələrinə səfərlər edərək uşağın inkişafına neqativ təsir edə biləcək amillərdən, ana südünün, düzgün qidalanmanın əhəmiyyətindən danışır, ailədə olan sosial, psixoloji, iqtisadi, sağlamlıq problemlərini üzə çıxarır və sosial işçilərin dəstəyi ilə problemlərin aradan qaldırılması istiqamətində ailə üzvləri ilə birgə iş aparır, eləcə də yerli icmalarda maarifləndirmə tədbirlərini təşkil edirlər.

Ağcabədi rayonunun Ağabəyli kənd icra nümayəndəliyinin, bələdiyyə, səhiyyə, məktəbəqədər və ibtidai təhsil və QHT nümayəndələrinin, eləcə də layihədən bəhrələnən ailələrin iştirakı ilə “Erkən uşaqlıq dövrü inkişafı və Patronaj Xidmətlər barədə yerli icmaların maarifləndirilməsi” mövzusunda ilk icma görüşü keçirilib. Görüşdə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisinin, Ağdam Regional Gender Mərkəzinin nümayəndələri tərəfindən hamiləlik və erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, uşağın xoşbəxt böyüməsi üçün sağlam, təhlükəsiz və qayğıkeş mühitin yaradılmasında patronaj xidmətlərin əhəmiyyəti, eləcə də uşağın tərbiyəsində ataların rolu barədə təqdimatlar edilib.

Avqust-sentyabr aylarında Ağcabədi şəhəri, Yuxarı Qiyaməddinli, Kəhrizli, Boyat, Pərioğullar kəndlərində də maarifləndirici icma görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Keçidlər