Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Sağlam gələcək üçün erkən nikaha yox deyək”mövzusunda maarifləndirici tədbir keçirildi
13 avqust 2021-ci il tarixində Pandemiya qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində erkən nikahın qarşısının alınması istiqamətində “Sağlam gələcək üçün erkən nikaha yox deyək”adlı tədbir keçirildi. Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyasiyasının məsul katibi Vüsalə Məmmədova,Aran qəzetinin baş redaktoru Məhsəti Ağayeva, Mədəniyyət işçisi,Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair Gündüz Sevindiyin,Ağcabədi Pedoqoji Kollecinin tələbələrinin,Rayon gənclərinin,GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaş və könüllülərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva qeyd etdi ki,18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət deyil. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Xüsusən də həm erkən nikah halları, həm də erkən yaşda uşaq dünyaya gətirən qadınların çoxu kənd yerlərində yaşayanlardır. Bir məsələni də qeyd etmək lazımdır ki, kənd yerləri dedikdə, buraya Bakı kəndləri də daxildir.Silsilə tədbirlər həyata keçirilməyinə, maarifləndirmə işləri aparılmağına baxmayaraq hələ də erkən nikah Azərbaycanda aktual problemlərdən biri olaraq qalmaqdadır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin, bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılması vacibdir.Daha sonra Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyasiyasının məsul katibi Vüsalə Məmmədova,Aran qəzetinin baş redaktoru Məhsəti Ağayeva, Mədəniyyət işçisi,Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair Gündüz Sevindik, GİKM-in Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyev bildirdilər ki, erkən yaşda ana olan qızların sağlamlıq hüquqları pozulmaqla yanaşı, uşaqlıq dünyasından məhrum edilir,gələcək həyatlarına mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artmışdır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır.Yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini vurğulayaraq, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən danışıb,tövsiyələrini verdilər.