Ağcabədidə “12 avqust – Beynəlxalq Gənclər Günü” nə həsr olunmuş videokonfrans keçirilmişdir.
12 avqust 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə “12 avqust – Beynəlxalq Gənclər Günü” nə həsr olunmuş videokonfrans keçirilmişdir.
Videokonfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov dövlət gənclər siyasətindən ətraflı bəhs etmişdir. O, vurğulamışdır ki, Azərbaycan öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli kimi görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bu günkü gənclərin üzərinə düşür.
Daha sonra Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyin direktoru Fuad Əliyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır.
Videokonfransın sonunda mərkəzin gənc könüllüsü Zaur Bəkirov çıxış edərək öz fəaliyyətlərindən geniş söhbət açmışdır.
Çıxış edən natiqlər “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibəti ilə gənclərimizi təbrik etmiş və xüsusi olaraq vurğulamışlar ki, Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.