Şəhidin doğum günü qeyd olunub
11 avqust 2021-ci il tarixdə Taynaq kəndində, Vətən müharibəsində şəhid olmuş Fərid İsgəndərovun oxuduğu məktəbdə və evlərində doğum günü qeyd edildi. Şəhidin sinif yoldaşları, məktəbli dostları, müəllimləri, kənd sakinləri, ziyalılar, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucovun iştirak etdiyi doğum günü mərasimində Fərid İsgəndərovun əziz xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur.
Mərasim iştirakçıları kənd qəbristanlığında uyuyan Fərid İsgəndərovun məzarını ziyarət edərək, önünə tər gül dəstələri qoymuşlar.
11 avqust 2006-cı ildə Taynaq kəndində anadan olan Fərid İsgəndərov Birinci Qarabağ savaşında, 1993-cü il noyabrın 11-də şəhid olmuş dayısı Rabil Quliyevin adını daşıyan Taynaq kənd tam orta məktəbinin 9-cu sinfində təhsil alırdı. Dərslərini yaxşı oxuyan ürəkli, cəsarətli bu oğlan ölümdən belə qorxmazdı. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Taynaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hikmət Aslanov söyləyir ki, Fərid yaşına uyğun olmayan yetkin, heç nədən çəkinməyən, ölümdən qorxmayan bir oğlan idi. Fərid heyfslənirdi ki, yaşı müharibəyə düşmür, yoxsa o da döyüşərdi. Fərid boş vaxtlarında əmisinə yeməkxanada kömək edərdi. Bakıda avtobus sürücüsü işləyən atası həmin gün geriyə qayıdanda onu da özü ilə paytaxta aparmaq istəyib. Onu yola gətirmək üçün deyir ki, mənimlə Bakıya gedək, ara sakitləşəndə qayıdarsan. O, atasının sözünü yarımçıq kəsərək deyib ki, ata, mən cəbhə zonasında kəndimizi qoyub Bakıya gedə bilmərəm. Həmin gün cəbhənin Taynaq kəndinə yaxın istiqamətində qızğın döyüşlərin getdiyi vaxt hamı evə getmiş, Fərid isə yeməkxanada tək qalmışdı. O, hər yeri təmizləyib, özünə bir stəkan çay süzür və içmək istəyirdi. Analar həssas olur. Onlar balalarının taleyində hər şeyi qabaqcadan duyur, hiss edirlər… Havada mərmini görən anası qışqıra-qışqıra evdən çölə çıxıb və bərkdən “o mərmi Fəridin dalınca gedir, onu öldürəcək” deyir. Belə də olur. Mərmi çay içmək istəyən Fəridə tuş gəlir. Onun yeniyetmə ömrünü yarımçıq kəsir. Atası Bakıya yetişməmiş oğlunun şəhid olması xəbərini eşidir və geri qayıdır.
Həyatda cəmi 14 il ömür sürən, məktəbli, hələ bir çox arzularının həyata keçməsini görməyən yeniyetmə Fərid Dilafət oğlu İsgəndərov 4 oktyabr 2020-ci ildə həyatla vidalaşdı. Torpağını, suyunu, havasını dərin məhəbbətlə sevdiyi Vətənin azad nəfəs almağını görmədi. Ancaq həyat öz axarıyla davam edir. Qələbə zəfəri çalan xalqımız Vətən müharibəsi zamanı şəhid olmuş övladlarını unutmur, onların adları həmyerlilərimiz tərəfindən əziz tutulur, əbədiləşdirilir. İndi Taynaq kəndinin girəcəyində Birinci Qarabağ müharibəsində həlak olan Eldəniz Əhmədov və Rabil Quliyevlə bərabər, xatirə kompleksində mərmərdə həkk olunmuş böyük şəkildən Fərid gülümsər baxışları ilə bizi seyr edir. Onun doğulduğu küçəyə indi Fərid İsgəndərovun adı verilmişdir. Bu küçədə onun xatirəsini əbədiləşdirən lövhə qoyulmuşdur.