Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılıq təsərrüfatları becərmənin həlledici mərhələsinə qədəm qoyublar

03 avqust 2021 | 11:00

Cari təsərrüfat ilində rayonda fermerlər tərəfindən 10 min 689,2 hektar əkin sahəsində pambıq yetişdirilir. Pambıq əkininin ilk günlərindən sahələrdə kompleks becərmə tədbirlərinin yüksək aqrotexniki qaydada həyata keçirilməsi üçün  mühüm addımlar atılıb. Belə ki, tarlalarda suvarma, kultivasiya, mineral gübrələrlə yemləmə, alaq otlarına, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə işləri ardıcıl təşkil olunur. Rayonun digər ərazilərində olduğu kimi, “Kanalüstü” adlanan ərazilərdə də suvarma tədbirlərinin fasiləsiz icra edilməsi daim diqqət mərkəzində saxlanılır.

Təsərrüfatlar hazırda becərmənin həlledici mərhələsinə qədəm qoyublar. Rayon mərkəzində, Yeni Qaradolaq, Qaradolaq, Mehrablı, Hüsülü, Pərioğlular, Hacıbədəlli, Təzəkənd, Qaravəlli, Minəxorlu və sair kəndlərdə fəaliyyət göstərən fermer təsərrüfatları bu sahədə fərqlənirlər. Bütövlükdə, pambıq sahələrində aqrotexniki qulluğun uğurla təşkil olunması nəticəsində kolların inkişafı normal vəziyyətdədir. Pambıq kollarında bar inkişaf fazasındadır. Fermerlərin uğurlu becərmə işləri çərçivəsində ziyanvericilərə qarşı pestisidlərdən geniş istifadə etmələri də yaxşı səmərə verir.

Qeyd edək ki, fermer təsərrüfatlarının suvarma suyu, mineral gübrə, texnika ilə təmin olunmasında rayon suvarma sistemləri və subartezian quyularının istismarı idarələri, pambıq emalı müəssisələri bütün imkanlardan maksimum istifadə edirlər. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun pambıqçılıq təsərrüfatlarına müntəzəm baş çəkərək, sonrakı mərhələdə becərmənin aqrotexniki qaydalara uyğun aparılması, sahələrin optimal müddətdə suvarılması ilə əlaqədar fermerlərə müvafiq tapşırıq və tövsiyələrini verib.

Fermer təsərrüfatlarının rəhbərləri yüksək pambıq məhsulu yetişdirmək üçün rayonda yaradılan hərtərəfli şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Keçidlər