Şriftin ölçüsü :

Saytın rəngi :

"26 İyun - Silahlı Qüvvələr Günü" hərbçilərimiz tərəfindən qeyd olundu

26 iyun 2024 | 18:08

   İyunun 26 – da “26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü” münasibətilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitlərinin iştirakı ilə tədbir keçirilib. Öncə hərbi hissə komandiri, polkovnik Şamxal Səlimov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov və hərbi hissənin şəxsi heyəti Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

   Sonra Ağcabədi Heydər Əliyev Mərkəzinə gələn tədbir iştirakçıları burada da dahi rəhbərin büstünü ehtiramla yad ediblər.

   Mərkəzinin direktor vəzifələrini müvəqqəti icra edən, Vətən müharibəsi iştirakçısı Ruhin Hüseynov hərbçilərimizi Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən lövhələrlə tanış edib, müdrik siyasətçinin zəngin həyat salnaməsi, eləcə də yorulmaz və uzaqgörən siyasi fəaliyyəti haqqında onlara ətraflı məlumat verib. 

   Bundan sonra tədbir iştirakçıları Ağcabədi Qəhrəmanlar Parkını da ziyarət ediblər,  müqəddəs Şəhidlər Xiyabanında uyuyan Vətən qəhrəmanlarının məzarlarına çiçək dəstələri düzüblər. Çıxış edənlər Azərbaycan Ordusunun bügünkü gücündən, onun durmadan artan inkişafından, şəhidlərimizin qanının yerdə qalmadığından, eləcə də bugünkü günün verdiyi qürurdan, əzəmətdən danışıblar.

   Biz də qürur tariximiz olan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sizləri tədbir edir, hər birinizə xidməti işlərinizdə uğurlar diləyir, Tanrı sizləri qorusun – deyirik. Tanrı sizi həmişə qoruyar, çünki tutduğunuz yol elə Tanrının öz yolu, haqqın öz yoludur.

   Dəmirdən olan yumruğunuz daim yerində olsun! Günün mübarək, Azərbaycan əsgəri!

Keçidlər