Ağcabədi kümçüləri bu günədək 26 tondan çox barama təhvil veriblər
Ağcabədi rayonunda barama tədarükü davam edir. Artıq kümçülərin yetişdirdikləri 26 min 342 kiloqram məhsul rayonda “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul olunub.
Bu il Ağcabədi rayonunda 1200 qutu (22 min 800 qram) ipəkqurdu toxumu yetişdirilib. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər bu il də yüksək məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə 54 min 466 kiloqram, 2020-ci ildə 55 min 528 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2020-ci illərdə rayon ərazisində 460 min ədəddən çox tut tingi əkilib.