Aran kəndində səyyar qəbul keçirilmişdir
19 may 2021-ci il tarixdə Aran kəndində Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu keçirilmişdir. Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə keçirilən qəbulda Qaradolaq, Yeni Qaradolaq, Aran, Kəbirli və Mehrablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları iştirak etmişlər.
Sonra səyyar qəbul öz işinə başlayıb. Qəbul zamanı çıxış edən rayon icra hakimiyyətinin başçısı ölkədə gedən genişmiqyaslı quruculuq işlərindən, pambıqçılıq, baramaçılıq və kənd təsərrüfatının digər sahələrindən ətraflı şəkildə danışmışdır. Həmçinin rayon rəhbəri rayonumuzda əhalinin koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunması tədbirlərinin davam etdirildiyini və 18 yaşdan yuxarı rayon sakinlərinin peyvənd olunmasının zəruriliyini, bununla bağlı aidiyyatı üzrə ciddi tapşırıqların verildiyini, məsələnin vacibliyini qeyd etdi. Rayonumuzda gəlirli və qiymətli sahə olan pambıqçılığın, baramaçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın artırılması üçün icra başçısı öz dəyərli tövsiyələrini vermişdir.
Səyyar qəbulda çıxış edən Kəbirli kənd sakini Fazil Orucov pambıq sahələrinin kultivasiya olunması üçün texnika çatışmazlığı, Aran bələdiyyəsinin sədri Təvəkkül Qasımov pay torpaqlarına xidmət edən suvarma nasosunun su borularının təmiri və yenidən bərpasına ehtiyac olduğunu, Aran kənd sakini Əliabbas Əmrahov Haramı ərazisində işıq probleminin olduğunu, Kəbirli kənd icra nümayəndəsi Mürvət Orucov 1960-cı illərdə çəkilmiş 10 kilovatlıq elektrik xəttinin yararsız vəziyyətdə olmasını və yeni xəttin çəkilməsinə ehtiyac olduğunu rayon rəhbərinə bildirdilər. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar idarə və təşkilat rəhbərlərinə lazımi tapşırıqlarını verdi.