18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi
18 may 2021-ci il tarixində Pandemiya qaydaları gözlənilməklə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaş və könüllülərinin iştirakı ilə “Muzeylərimiz Dünənimiz,Bu günümüz,Sabahımızdır” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva bildirdi ki, hər il may ayının bu günü dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilib. İCOM Azərbaycan Milli Komitəsinin əsas fəaliyyəti Beynəlxalq Muzeylər Şurasının işində iştirak etmək, müasir mərhələdə Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzeylər ilə əlaqə yaratmaq, dünya standartlarına uyğun səviyyədə müxtəlif normativ aktların qəbul edilməsində, mədəni irsin qorunması istiqamətində, dünya muzeyləri ilə bir sırada öz işini davam etməkdən ibarətdir. Bu gün İCOM Azərbaycan Milli Komitəsinin 39 muzey və 11 digər təşkilatların nümayəndələrindən ibarət 100 nəfər üzvü var.
Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.Qiymətli sənət əsərlərinin məbədi sayılan muzeylərin sələfləri eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaranmışdır. Bunlar əsasən məbədlərin və bəzi şəxslərin kolleksiyaları toplanan muzeyvarı təşkilatlar olmuşdur. Tədricən kolleksiyaların mövzu dairəsi genişlənmiş, elmi, mədəni, tarixi əhəmiyyəti artmışdır. Sonralar bu kolleksiyalar hesabına dünyanın bu gün öz şanı-şöhrəti ilə seçilən bir çox muzeylərinin əsası qoyulmuşdur. Qədim əsərlərin yığılıb-toplanması əvvəlcə İngiltərədə başlamış, daha sonra Avropanın digər ölkələrində də oxşar işlər görülmüşdür. Qədim əsərlər, sənədlər bizə qədim dövrlərdə yaşamış insanların düşüncələri, inancları, həyat tərzləri, qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bu günü anlamağımıza kömək edir. Daha sonra GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşı Röyalə Yaqubzadə çıxış edərək qeyd etdi ki,əvvəllər muzeylərə hər kəsin getmək hüququ yox idi. Ondan yalnız dövlət rəhbərləri və alimlər faydalana bilərdilər. 1850-ci ildən etibarən isə muzeylərdəki əsərlər sərgilənərək ictimailəşmiş və xalqın marağına səbəb olmuşdur. Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulmuşdur. “Doğma diyarın öyrənilməsi muzeyi” adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır. Azərbaycanın dəyərli eksponatları 1920–ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz, incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında yaradılmışdır. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə, bir sözlə, Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşdur.
Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılmışdır. Bu muzeylər sırasında tanınmışlardan Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə və digərlərinin ev-muzeyləri də vardır. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir.Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin əməkdaşlarının Beynəlxalq Muzeylər Gününə həsr etdikləri videoçarx nümayiş etdirildi.