Ağcabədidə “ERKƏN nikaha YOX!” deyildi
Maarifləndirici tədbirdə ümumtəhsil müəssisələrinin direktorları, məktəb psixoloqları, yuxarı sinif şagirdləri və digər qonaqlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova erkən nikahın yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verdi. O, erkən nikahların qarşısının alınmasında məktəblərin üzərinə böyük iş düşdüyünü vurğulayaraq məktəb direktorlarını və psixoloqları daha diqqətli olmağa,bu işdə birlik göstərməyə çağırdı.
Sonra erkən nikahlar və onların fəsadları barədə videoçarx nümayiş etdirildi.
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftəliyeva, şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova, şəhər 3 saylı məktəb-liseyin direktoru Mətanət Quliyeva, şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə, “Aran” qəzetinin redaktoru Məhsəti Musa və digərləri erkən nikahların qarşısının alınmasının vacibliyi, həmin nikahların tibbi baxımdan törətdiyi qüsurlar və digər fəsadlar haqqında ətraflı çıxış etdilər.Qeyd olundu ki, məktəblərdə bu mövzuda təbliğat gücləndirilməli, tez-tez valideynlərlə söhbətlər aparılmalıdır.