Ailə milli-mənəvi dəyərlərin və vətənpərvərlik tərbiyəsinin daşıyıcısıdır
Bu fikirlər Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə keçirilən “Ailə milli-mənəvi dəyərlərin və vətənpərvərlik tərbiyəsinin daşıyıcısıdır” adlı tədbirdə səsləndirilib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva milli-mənəvi dəyərlərimiz və onun tərkib hissəsi olan ailə dəyərləri haqqında danışıb. Bildirib ki, ailə insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin var olmaq, insanilik imkanlarının təsdiq ünvanıdır. Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, "Aran" qəzetinin baş redaktoru Məhsəti Ağayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşları Mirəli Mirəliyev, Röyalə Yaqubzadə mövzu ilə bağlı çıxışlar ediblər. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ailə siyasəti bu gün də məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərilir.
Tədbirin sonunda “Ailəmiz - ən dəyərli xəzinəmizdir” adlı videoçarx nümayiş etdirilib.