Vətən müharibəsi şəhidinin ikinci övladı dünyaya gəlib
Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Əliyev Azər Dilafət oğlunun övladı dünyaya gəlib. Yeni doğulan körpəyə atasının istəyinə uyğun olaraq Əli adı verilib.
Azər Əliyevin yeni doğulan övladı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından evə ailə üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, "YAŞAT" Fondunun nümayəndələri, şəhidin hərbçi yoldaşlarının iştirakı ilə yola salınıb. Bu, şəhidin ikinci övladıdır. Azərin birinci övladı Nəzrinin 2 yaşı var.
Şəhid Azər Əliyevin övladının zəruri xərcləri “YAŞAT” Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, şəhid Azər Əliyev Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində doğulub. O, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 15-də Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun müddət koma vəziyyətində qalan Azər 2021-ci il yanvarın 28-də şəhidlik zirvəsinə ucalıb.