Ağcabədidə bir neçə yolun yenidən qurulması işləri sonuncu mərhələ üzrə davam edir
Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işləri son mərhələ üzrə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif kilometrlik hissələrindən götürür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə institutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yolun bir-neçə marşrut üzrə yenidən qurulmasına başlanılıb. Bunlar Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik yollar, həmçinin 5,6 kilometrlik Avşar, 2,9 kilometrlik Salmanbəyli, 4,5 kilometrlik Aşağı Avşar və 0,6 kilometrlik Xocavənd kəndlərinin daxili yollarıdır.
Layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 kilometrlik yolun, həmçinin kəndin 5,6 kilometrlik daxili yollarının yenidən qurulmasına başlanılıb. Yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparıldıqdan sonra karxana çınqılı ilə qazılıb və yuyulmuş hissələr doldurularaq, torpaq yatağının bərpası işləri görülüb.
Yollar boyu mövcud suötürücü borular çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac yarandığından müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də həyata keçirilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Qeyd edilən 10 kilometrlik Avşar kəndinə gedən yol aşınma lay asfalt-beton örtüyünə qədər olmaqla inşa edilib. Həmçinin 5,6 kilometrlik Avşar kəndinin daxili yollarında yol yatağının tikintisi tam olaraq yekunlaşdırılaraq asfalt örtüyün vurulması üçün hazır vəziyyətə gətirilib. Hazırda sözügedən layihə üzrə işlər sonuncu mərhələdə davam etdirilir.
Belə ki, Salmanbəyli kəndinə gedən 8 kilometrlik yolun və sözügedən kəndin 2,9 kilometrlik daxili yollarının yenidən qurulması işləri aparılır, yeni torpaq yatağı və yol əsası inşa edilir, suötürücü borular quraşdırılır. Yaxın günlərdə Avşar kəndinin 5.6 kilometrlik daxili yollarının asfaltlanması və kənd ərazisində Yuxarı Qarabağ Kanalı üzərində biraşırımlı körpünün inşasına da başlanılacaq. Daha sonra isə yenidənqurma işləri layihə üzrə Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 9,4 kilometrlik yollarında, həmçinin sözügedən kəndlərin 5,1 kilometrlik daxili yollarında davam etdiriləcək.
Layihənin sonunda zəruri olan 4 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəyi və kilometr göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Yenidənqurma işlərinin nəticəsində həmin ərazidə yaşayan 14 min sakinin respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə, yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaranacaq.