Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

07 aprel 2021 | 11:00

Ağcabədi rayon Ağsaqqallar Şurasının onlayn formada hesabat-seçki konfransı keçirilib. Videokonfransda rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, ərazi bələdiyyə sədrləri, rayon Ağsaqqallar Şurasının üzvləri, 46 yaşayış məntəqəsini təmsil edən ağsaqqallar iştirak edib.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Videokonfransda rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfovun hesabatı dinlənilib. Hesabat məruzəsi ətrafında şura üzvləri Tahir Kərimli, Mirələm İbrahimli və Süleyman Ağayev çıxış ediblər.

Konfransın gündəliyinə əsasən rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi Respublika Ağsaqqallar Şurasının yeni qəbul olunmuş Əsasnamə və Nizamnaməsi əsasında yekdilliklə qəbul olunub. Daha sonra rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi, şuranın sədri və sədr müavini, həmçinin Nəzarət-Təftiş komissiyasının üzvlərinin seçilməsi üçün səsvermə keçirilib. Nəcəfov Əlizadə Şəmil oğlu yenidən rayon Ağsaqqallar Şurasının sədri, Əsədov Tariyel Məhəmməd oğlu isə sədr müavini seçilib.

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar.

Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov göstərilən etimada görə minnətdarlığını bildirib, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Keçidlər