Ağcabədidə 5 min hektardan çox sahədə yazlıq səpin aparılıb
08 aprel 2021 | 11:00
Ağcabədi rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsinin rəisi Elsevər İsmayılov bildirib ki, aprelin 1-dək 5148 hektar yazlıq səpin həyata keçirilib. Əkinlərin 36 hektarı şəkər çuğunduru, 82,8 hektarı kartof, 674,7 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 665 hektarı qarğıdalı, 7 hektarı soya, 3682,5 hektarı yoncadır.
Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Fermerlər artıq pambıq səpininə də başlayıblar. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.