Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədili kümçü: “İpəkqurdunu yemləmək üçün heç bir problem yoxdur”

06 aprel 2021 | 11:00

Təsərrüfatın ən gəlirli sahələrindən olan baramaçılıq dövlətimizin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə surətlə inkişaf edir. Strateji əhəmiyyət daşıyan baramaçılıqla məşğul olan kümçülər hər il yeni uğurlara imza atır və bu sahənin inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Təcrübəli təsərrüfat istehsalçısı olan Boyat kənd sakini Elşən Məmmədov rayonumuzda qabaqcıl kümçülərdən sayılır. Ötən il Elşən Məmmədov 4 qutu barama qurdu götürüb bəsləmiş və dövlətə 224 kiloqram yüksək keyfiyyətli barama təhvil vermişdir. Bu günlərdə qabaqcıl kümçü ilə görüşüb, işi ilə ətraflı tanış olduq. Elşən Məmmədov barama saxlanılacaq yerlərdə yenidən təmir və təmizlik işləri görüb, dezinfeksiya aparıb. Burada ipəkqurdlarını rahat bəsləmək üçün hər cür şərait yaradılıb.

İpəkqurdlarını yemləmək üçün Elşən Məmmədov Çin və yerli sortlardan ibarət çəkil ağaclarından istifadə edəcək. Bu məqsədlə kənd ərazisində 2 hektar bağda müxtəlif meyvə ağacları ilə yanaşı, 9 min 300 ədəd çəkil ağacı yetişdirilir. Ağaclara aqrotexniki qaydada qulluq edilir. Ziyanvericilərə və həşəratlara qarşı vaxtında mübarizə aparılır. Özünün dediyi kimi, ipəkqurdunu yemləmək üçün heç bir problem yoxdur. Ona görə də bacarıqlı kümçü bu il 6 qutu ipəkqurdu saxlamaq fikrindədir. Elşən Məmmədovun sözlərinə görə yaradılmış şəraitdə hətta 8 qutu da barama yetişdirmək mümkündür.

Barama istehsalına göstərilən hərtərəfli qayğıdan ruhlanan sahibkar bu il daha çox və yüksək keyfiyyətli barama yetişdirib, təhvil vermək əzmindədir. Ona bu yolda yeni uğurlar arzulayırıq.

Keçidlər