İyunun 23-ü dövlət qulluqçularının peşə bayramıdır
Ağcabədi rayonunda 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir kecirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Azər Fərzəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Pənah Cahangirov iştirak etmişlər.
İlk öncə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbir iştirakçılarını təbrik etmiş və bildirmişdir ki, 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz bayramlarını altıncı dəfədir ki, qeyd edirlər.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.
Daha sonra cıxış edən Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla da dövlət qulluqçularını təbrik etmiş, ölkə rəhbərininin diqqət və qayğısından bəhs edərək, hər bir dövlət qulluqçusuna xalqa layiqli xidmət etmək işində uğurlar arzulamışdır.
Sonda dövlət qulluğunda fərqlənən şəxslərə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı və hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə 150 nəfər iştirak etmişdir.