YAP Ağcabədi rayon təşkilatında müşavirə keçirilmişdir.
YAP Ağcabədi rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə edərək son bir il, o cümlədən cari ilin 5 ayı ərzində görülən işlər barədə məlumat vermiş, həmçinin ilk təşkilatların fəaliyyəti təhlil edilmişdir.
Məruzədə qeyd edilmişdir ki, ötən il rayon təşkilatının həyatında ən əlamətdar hadisə YAP Ağcabədi rayon təşkilatının yeni inzibati binasının tikilib istifadəyə verilməsi və həmin binanın açılışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin şəxsən iştirak etməsi olmuşdur. Avqust ayının 29-da açılışı olmuş yeni inzibati bina həm arxitektura cəhətdən, həm də bütün zəruri texniki avadanlıqla təmin olunması baxımından fərqlənir. İndi bu binada normal fəaliyyət üçün bütün şərait yaradılmışdır.
Ötən ilin ən önəmli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti seçkiləri olmuşdur. Aprel ayından başlayaraq Prezident seçkilərinə hazırlıq işləri YAP Ağcabədi rayon təşkilatının fəaliyyətinin əsas istiqaməti olmuşdur.
Tərtib edilmiş təqvim planına əsasən təbliğat və təşviqat kompaniyasının düzgün qurulması, Prezidentliyə namizəd İlham Əliyev cənablarının 10 illik Prezidentlik fəaliyyəti dövründə gördüyü işlərin təbliğinin əhali və seçicilər arasında mütəmadi aparılması, təbliğat-təşviqat qrupunun üzvlərinin demək olar ki, rayonun bütün yaşayış məntəqələrində və əmək kollektivlərində görüşlər keçirməsi öz bəhrəsini vermişdir.
Görülən işlərin nəticəsi olaraq YAP tərəfindən Prezidentliyə namizəd irəli sürülmüş cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səs çoxluğunu qazanaraq Yenidən Respublika Prezidenti seçildi.
Natiq eyni zamanda bildirdi ki, YAP Ağcabədi rayon təşkilatı partiyanın boy sıralarının artırılmasını daim diqqətdə saxlayır.
Ərazi ilk təşkilatlarının apardığı düzgün təbliğat və YAP-ın Respublikamızın ictimai-siyasi həyatında oynadığı rolun gənclər arasında təbliği nəticəsində ötən ilin may ayından bu günədək YAP sıralarına 2418 nəfər daxil olmuşdur ki, onların əksəriyyəti gənclər və qadınlardır. Təkcə bu ilin 5 ayı ərzində 948 nəfər Yeni Azərbaycan Partiyası üzvlüyə qəbul edilmişdir. Hazırda YAP Ağcabədi rayon təşkilatının 11026 nəfər üzvü vardır ki, onların 5027 nəfərini qadınlar (45.6 %), 4344 nəfərini isə gənclər (39.4 %) təşkil edir.
Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva, Gənclər Birliyinin sədri Nicat Axundov, Rəncbərlər kənd YAP ərazi ilk təşkilatının sədri İsmayıl Həsənov çıxış edərək, görülən işlər və qarşıda duran vəzifələr barədə öz fikirlərini yığıncaq iştirakçılarının diqqətinə çatdırdılar.
Yığıncaqda cari ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri də müzakirə olunmuş, hazırlıq mərhələsində ilk təşkilatların həyata keçirəcəkləri işlər barədə onlara tövsiyələr verilmişdir.
Yığıncaqda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən müsabiqə və idman yarışlarının qaliblərinə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı və hədiyyələr, YAP sıralarına yenicə daxil olmuş gənclərə YAP vəsiqələri təqdim edilmişdir.
YAP Ağcabədi rayon təşkilatının
aparat rəhbəri: Nazim Bünyatov