Quş qripi ilə əlaqədar növbəti epizootoloji monitorinqlərə başlanılıb
Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mövsümü epizootoloji monitorinqlərə başlanılıb. Monitorinq Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən regional sınaq laboratoriyalarının əməkdaşlarının iştirakı ilə keçirilir.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, çöl quşları arasında monitorinqlər Şabran rayonundakı Ağzıbir Ovçuluq Təsərrüfatını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədə çalışan əməkdaşları tərəfindən çöl quşlarının ovlanmasını əhatə edir. Eyni zamanda Bakı şəhərindəki, Abşeron, Salyan, Lənkəran, Neftçala, Sabirabad, Ucar, Beyləqan, Qobustan, Lerik, Cəlilabad, Şabran, Xızı və Siyəzən rayonlarındakı sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərindəki, Abşeron, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarına ümumi baxış keçirilməklə, laborator müayinə aparılması üçün ev quşlarından diaqnostik nümunələr götürülməsi, həmçinin epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulur.
Monitorinqlər zamanı çöl quşlarından götürülən patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndəriləcək.
Monitorinqlər yanvarın 15-dək davam edəcək.