Şriftin ölçüsü :

Saytın rəngi :

Təkbaşına 4 topdan atəş açan şəhidimiz

06 yanvar 2021 | 11:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də 29 yaşlı Ceyhundur.

Ceyhun Möhübbət oğlu Hüseynov 5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. Ağcabədi rayonu C.Həsənov adına Arazbar kənd orta məktəbində təhsil alıb.Dostları arasında cəsarəti, əzmi və fiziki bacarıqları ilə seçilən Ceyhunun ən böyük arzusu hərbçi olmaq olub. O, 2009-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtmasına baxmayaraq, Ceyhunun qəlbindəki vətən sevgisi və hərbçi olmaq arzusu onu yenidən xidmətə qayıtmağa sövq edib.2014-cü ilin mart ayından etibarən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yenidən daxil olub.Hüseynov Ceyhun hərbçi olaraq çalışdığı müddətdə artilleriya hərb sənətini incəliklərinə qədər öyrənib. Xüsusilə 122 mm-lik D-30 haubitsa-topu barədə bilikləri sonrakı illərdə ona top komandiri vəzifəsinin verilməsinə gətirib çıxarır.

Ceyhunun artilleriya bacarıqları Aprel döyüşlərində özünü göstərir. Onunla birlikdə xidmət etmiş yoldaşları və əsgərlərinin dediklərinə görə, Ceyhun 2016-cı ilin aprelində erməni artilleriyasına sərrast zərbələr endirərək, düşmənin xeyli itkilər verməsinə səbəb olub. Onun tabeliyində olan əsgərlərdən birinin dediyinə görə, Ceyhun təkbaşına 4 topdan 27 atəş açaraq Yuxarı Qiyaməddinli kəndini və xidmət etdikləri artilleriya divizionunu xilas edib.

Şəhid Hüseynov Ceyhun Vətən müharibəsi zamanı Xocavənd rayonu istiqamətində döyüşlərdə iştirak edib. O, təkcə 122 mm-lik D-30 haubitsa-topu ilə deyil, 120 mm-lik minaatandan da sərrast atəş açmağı bacarırdı. Məhz buna görə də öz istəyi ilə döyüşlərin ən qaynar nöqtəsinə 120 mm-lik minaatan komandiri olaraq qatılıb. Yüksək peşəkarlığı ilə düşmənin qorxulu yuxusuna çevrilən Hüseynov Ceyhun 16 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.Şəhidimiz subay idi.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə şəhid Ceyhun Möhübbət oğlu Hüseynov “Vətən uğrunda” medalı ilə təltif edilib.

Keçidlər