Ağcabədili fermer: Qoyunun südündən hazırladığımız pendiri evdən alıb aparırlar VİDEO
Əsasən kənd təsərrüfatı rayonu olan Ağcabədidə qoyunçuluq ənənəvi sahələrdəndir. Geniş otlaq, örüş və əkin sahələri burada ilin bütün fəsillərində heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır. Həm əlverişli şərait, həm də qoyunçuluğun gəlirli olması səbəbindən ağcabədili fermerlər təsərrüfatlarını genişləndirirlər. Bunun nəticəsidir ki, rayonda qoyun və keçilərin sayı artaraq 288 min başı keçib. Ağcabədili fermerlər respublikamızda ət məhsullarına olan tələbatın ödənilməsində mühüm rol oynayırlar.
Fermer Məhəbbət Cəfərov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində qoyunçuluğun gəlirli sahə olduğunu deyib: “Dədə-babalarımız da heyvandarlıqla məşğul olub. Mən də onların davamçısıyam. Qoyunçuluq xeyirli sahədir. Bu, qoyunların ildə iki dəfə bala verməsi ilə əlaqədardır. Qoyunları həm ətlik kimi satıb xeyir götürürük, həm də südündən, yunundan istifadə edirik. Qoyunun südündən hazırladığımız pendiri gəlib evdən alıb aparırlar. Adi pendirin bir kiloqramı 7 manat, motal pendirinin qiyməti isə 10 manatdır. Hazırda təsərrüfatımda 160 baş qoyun-quzu var. Gələcəkdə heyvanların sayını daha da artırmağı nəzərdə tutmuşam”.
Fermer deyir ki, ölkədə kiçik və orta sahibkarlığın, o cümlədən heyvandarlığın inkişafı üçün geniş imkanlar var. Ərzaq bolluğu yaratmaq isə fermerlərin üzərinə düşür. Ona görə də heyvanların baş sayının artırılması üçün səylə çalışır. Sürünü bəsləmək üçün isə yem tədarükünü vaxtında görür: “Özümün beş hektar torpağım var. 10 hektar da icarəyə götürürəm. Xəsil arpa səpib qış aylarında otarırıq. Yazda sahəni suvarırıq, yayda arpanı biçib götürürük. Bundan başqa qoyunların otarılması üçün yonca sahəmiz də var. Heyvanların yem təminatında heç bir narahatçılığımız yoxdur”.