Ağcabədidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə sərgi təşkil olunub
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Ağcabədi rayon Şəhidlər Xiyabanında sərgi təşkil olunub. Sərgidə Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Ağcabədi şəhidlərinin hər birinin portreti və şərəfli ömür yolu haqqında məlumatlar yer almışdır. 28 dekabr 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Şəhidlər Xiyabanı ziyarət olunmuş, sərgiyə baxış keçirilmiş, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilərək, önünə tər qərənfillər düzülmüşdür.
Sərgi rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Şəhidlər Xiyabanı hər gün ziyarət olunur, şəhidlərin portretləri və şəhid məzarları önünə çiçəklər düzülür.
Qeyd edək ki, I Qarabağ müharibəsində Ağcabədi rayonundan 177 nəfər, II-ci Qarabağ müharibəsində isə 41 nəfər şəhid olmuşdur.