Ağcabədi pambıqçıları bu günədək 37,6 min tondan çox məhsul toplayıblar
2020-ci ildə Ağcabədi rayonunda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Agro” MMC ilə olmaqla müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Ağcabədili “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər.
Fermerlər mühüm strateji məhsulu son qozasınadək yığılması üçün səylə çalışırlar. Hər gün tarlalardan 100 tondan çox məhsul toplanır. Hər hektarın məhsuldarlığı 35,19 sentnerdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə pambıq istehsalı 5513 ton, orta məhsuldarlıq isə 4,49 sentner çoxdur.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,2 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.