Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 14 min əhalinin istifadə etdiyi yolların yenidən qurulması yekunlaşır

28 noyabr 2020 | 11:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır. Agentliyin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yol bir-neçə marşrut üzrə yenidən qurulur. Bunlar Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik, həmçinin uzunluğu 5,6 kilometr olan Avşar, 2,9 kilometr olan Salmanbəyli, 4,5 kilometr olan Aşağı Avşar və 0,6 kilometrlik Xocavənd kəndlərinin daxili yollarıdır.

Sözügedən işlər çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının təmiri aparılıb, torpaq yatağının bərpası işləri görülüb. Yollar boyu mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğundan, 1400 poqonmetr uzunluğunda müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də aparılıb.

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla təqribən 250 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir.

Layihənin sonuncu mərhələsində yolboyu 4 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 72 yol nişanı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılacaq.

Yenidən qurulan yol həmin ərazidə yaşayan 14 min vətəndaşımıza respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.

 

Keçidlər