Ağcabədi taxılçıları indiyədək 15,5 min hektardan çox sahədə səpin aparıblar
Bu il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi rayonunun fermerləri və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu günədək 26 min 929 hektar sahədə payızlıq şum qaldırılıb, 10 min 450 hektarda buğda, 5060 hektarda arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 28 min hektardan çox sahədə taxıl səpilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ağcabədi taxılçıları cari ildə 28 min 324 hektar taxıl sahəsindən 105 min 494 ton məhsul əldə ediblər. Məhsulun 77 min 150,9 tonu buğda, 28 min 343,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner, o cümlədən buğda sahələrində 38,6 sentner, arpa zəmilərində isə 34 sentner olub.