Şriftin ölçüsü :

Saytın rəngi :

İşçi qrupunun rəhbəri: Yuxarı Qiyaməddinli kəndində 160-dan çox evə ziyan dəyib

18 noyabr 2020 | 11:00

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, digər cəbhəyanı rayonlar kimi Ağcabədi rayonunda da Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işləri həyata keçirilir.

Ağcabədi rayonu üzrə işçi qrupunun rəhbəri, Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq şöbəsinin müdir müavini Pərviz İsgəndərli bildirib ki, məqsəd həm mülki əhaliyə, sahibkarlıq subyektlərinə, həm də dövlət əmlakına, infrastruktur obyektlərinə dəyən ziyanın miqdarını müəyyənləşdirməkdir. İşçi qrupu hazırda Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindədir. Bu kənd rayonun ən çox ziyan dəyən yaşayış məntəqələrindəndir. Kənddə vətəndaşlara məxsus 160-dan çox evə, eləcə də yardımçı tikililərə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına ziyan dəyib. İşçi qrupu vətəndaşlara məxsus evlərə, təsərrüfatlara baxış keçirir, dəymiş ziyan qeydiyyata alınır, aktlar tərtib edilir.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.

Keçidlər