Düşmən Ağcabədinin kəndlərini atəşə tutur FOTO
Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun cəbhə xəttinə yaxın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə evlərə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyir.
Ağcabədi rayonunun düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri Qaraxanlı kəndidir. Sentyabrın 27-dən indiyədək kənddə 6 ev dağılıb, 50-yə yaxın ev və yardımçı bina zərər görüb.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Qaraxanlı kəndinə gedərək kənd sakinləri ilə həmsöhbət olub. Heydər Paşayev düşmənin kəndi mütəmadi atəşə tutduğunu bildirib: "Axşam mərmilərdən biri qonşumuzun evinə düşdü. Bu ev 2016-cı ildə də ermənilərin atəşi nəticəsində dağılmış, sonra dövlətimiz tərəfindən təmir edilmişdi. Düşmən demək olar ki, hər gün kəndi atəşə tutur. Lakin bu bizi qorxutmur, kəndimizi tərk etmirik. Gündəlik işimizlə məşğuluq. Ordumuza, Prezidentimizə güvənirik. Əminik ki, tezliklə qələbə bizim olacaq".
Digər sakin Rüstəm Quliyev isə deyib: "Düşmən bilsin ki, tezliklə məğlub olacaq. Bütün torpaqlarımız işğaldan azad olunacaq. Ordumuz cəbhədə uğurlu əməliyyatlar keçirir, yaşayış məntəqələrini düşmən tapdağından azad edir. Bu isə biz cəbhəyanı kəndlərin sakinlərini ruhlandırır. Biz qələbə qazanacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.